Bu gün “Air Cairo” şirkəti iyun ayından etibarən Bakıdan Misirin kurort şəhəri olan Şarm-əl-Şeyxə birbaşa avia reysin açılması haqqında məlumat yayıb. Bu şəhər haqqında çox yazmaq istəmirəm, internetdə kifayət qədər məlumat var, qısası onu deyə bilərəm ki, Qırmızı dənizin sahilində yerləşən bu şəhər rusların və avropalıların sevimli kurort məkandır.
Yay istirahətinizi bu şəhərdə və ümumiyyətlə Misirdə keçirməklə dünyanın ən qədim mədəniyyət mərkəzlərində birini görə bilərsiniz. Beləliklə, gəlin iki nəfər üçün bir həftəlik iyun ayına Şarm-əl-Şeyx istirahətinin qiymətini hesablayaq.
VİZA
Misir dövləti turistlərə çox rahat şərait yaradaraq Şarm-əl-Şeyxə gələnlər üçün vizanı aeroportda verir. Qiyməti 25 dollardır ( 38 AZN). Amma bu qayda digər şəhərlər üçün keçərli deyil.
AVİABİLET
“Air Cairo”nun flyaircairo.com saytına əsasən iyun ayı üçün gediş-dönüş biletinin qiyməti 270 manatdır. Həftədə bir dəfə 5-ci gün olur reys. Uçuş üç saat yarım davam edir. Bakıdan 09:30-da çıxır, Şarm-əl-Şeyxə yerli vaxtla 11:00-da çatır. Ordan isə gecə 3:00-da çıxır, Bakıya 08:30-da çatır. Qiymətə 30 kq qeydiyyatlı (check in) baqaj, 7 kq isə əl baqajı daxildir.
OTEL
Hazırda Şarm-əl-Şeyx otellərini kifayət qədər ucuz qiymətə bron eləmək olar. Tövsiyyə edirəm ki, “hər şey daxil” variantı təklif edən otelləri seçəsiniz. Booking.com-a nəzər salaq. İyun ayı üçün 3 ulduz oteldə iki nəfərlik otaq 7 gecə üçün 347 AZN, 4 ulduz otel 357 AZN, 5 ulduz otel isə 600 manatdan başlayır.
TRANSFER
Əgər iki nəfərlik səyahətdirsə, ən ucuz transfer qrup transferi olacaq. Transfer xidmətini www.holidaytaxis.com/en/ saytında sifariş etmək olar. İki nəfərlik Aeroport-Otel-Aeroport transfer xidmətinin qiyəməti 11 dollardır (17 AZN)
Beləliklə,
İki nəfər üçün bir həftəlik Şarm-əl-Şeyxdə “hər şey daxil” variantında dincəlmək 980 manata başa gəlir, bir nəfər üçün 490 AZN.
oxu-yay-paylaş 🙂
Aviabiletin gediş-dönüş qiymətinin sərfəli olduğunu nəzərə alaraq məncə, getməyə dəyər.