124 avroya Rumıniya səfəri

Daha öncə sizə Rumıniya vizası haqqında yazmışdım. Ötən həftə isə Rumıniyaya səfər elədim. Bu mənim səyahət etdiyim 31-ci ölkə oldu. Rumıniya haqqında məlumatım çox deyildi, oranı əsasən balkan ölkələri ilə müqayisə edirdim.

Avropa Birliyinin üzvü olub, şengen zonaya daxil olmayan Rumıniyaya getmək üçün milli viza lazımdır (multi şengen yoxdursa). Ölkənin valyutası RON-dur (leu).

1 RON≈0.44 AZN≈0.22 EUR≈0.25 USD

Ölkə ərazisi Azərbaycandan təxmini üç dəfə, əhalisi isə iki dəfə çoxdur. Rumıniyanın əhəmiyyətli hissəsi meşə və dağlardan ibarətdir.

Buxarest

Buxarestə Kutaisidən uçdum. 3 iyul WizzAir Buxarest-Kutaisi-Buxarest reysinin ilk uçuşunu etdi. Bileti 45 gün öncə ayrı-ayrı almışdım. Gediş 27 lari (18 AZN) , qayıdış 105 leu (46 AZN), yəni gediş-gəliş 64 AZN. Bakıdan Kutaisiyə getmək haqqında burdan oxuya bilərsiniz. WizzAir-in yeni qaydalarına görə 40 L böyük bel çantamı baqaja verdilər, pulsuz. Priority alsaydım salona keçirə bilərdim, deyə bildirdilər. Təyyarə vaxtında qalxdı və cəmi 1 saat 50 dəqiqə sonra artıq Buxarestdə idim. Buxarestin aeroportu heç gözləmədiyim qədər böyük idi. Ölkəyə girişdə sərhəd zabiti səfər sığortamı da yoxladı. Onu hələ viza üçün müraciət edəndə Günay Sığortadan onlayn 6.5 avroya almışdım. (http://gunaysigorta.az)

WizzAir Rumıniyanın 10 aeroportundan uçuşlar edir

Aeroportdan Mərkəzə 780 və 783 nömrəli avtobus və qatar işləyir. Aeroport avtobusunun bir gedişi 3.5 RON-dur, əlavə olaraq kart da almalısınız. Təxmini yarım saat sonra Gara de Nord-a çatdım. Bura Buxarestin əsas dəmir yolu stansiyasıdır. Gecələyəcəyim yerə 15 dəqiqə piyada məsafə idi.

Puzzle Hosteldə gecələdim, dörd gecə üçün 120 RON (26 EUR ) ödədim. Yerləşməsi və şəraiti çox yaxşı idi. Əgər cütlüksünüzsə airbnb ilə gecəsi 18-25 dollara otaq vəya bütöv apartment kirayələyə bilərsiniz. Airbnb qeydiyyatı üçün www.airbnb.com/c/e285d21 linkindən istifadə etsəniz 25 dollar endirimiz olacaq.

Elə ilk baxışdan şəhər çox xoşuma gəldi. Təmiz küçələr, mehriban insanlar, möhtəşəm parklar, gözəl binalar, nəzakətli sürücülər bir turist kimi mənə çox xoş idi. Getdiyim ilk yer Cișmigiu Park oldu. 18 hektar ərazisi olan bu park 160 il öncə salınıb. İnanılmaz qədər gözəl, meşə tipli parkdır. Parkın içində eyni adlı göl də var. Göldə qayıq və katamaran da sürə bilərsiniz, yarım saatı 20 RON-dur.

İlk gün dostumun çox tövsiyyə etdiyi Dristor Doner-Kebap kafesinə də getdim, ət dönəri+ayran 13 AZN 😀 (“Avtoş dönər” pis-pis güldü). Amma çox dadlı idi. Ora bir daha qayıtmadım.

Növbəti gün Parlament binasını görməyə getdim. Bu bina Avropada ən böyük parlament sarayıdır. Uzunluğu və eni 270 metr olan bina 1984-1997-ci illər arası 700 memarın iştirakı ilə tikilib. Qarşısında həmişə şəkil çəkdirən turistlər olur 🙂

Həmin gün daha iki maraqlı yerə getdim, biri Stavropoleos Church digəri isə Macca Villacrosse Passage idi. Kilsənin 300 il tarixi var, çox maraqlı arxitekturaya sahibdir. Passajda isə çoxlu kafelər var və demək olar ki, hamısı məşğul idi.

Getdiyim parklardan biri də Carol Park oldu. 110 il tarixi olan bu park sadəcə möhtəşəmdir. Ərazisi 36 hektardır və 20 min kv/m sahəli Filaret gölü də bu parkdadır. Parkda çox gözəl vaxt keçirə bilərsiniz, adamın ruhu dincəlir 🙂

Qidalanmaq qiymətləri Bakı ilə müqayisədə bir az bahadır. McDonalds demək olar ki, eyni qiymətdir, dönər menyusu 8 manatdan başlayır. Marketlərdəki qiymətlər isə Bakıdan təxmini 30-50% bahadır, amma seçim çoxdur, hazır yeməklər də satılır. Mən lobya püresi və küftə götürdüm. Bəli, küftə 🙂 Amma bu qızardılmış ət topu idi. 0.5L sadə su və Coca Cola 2.5 RON idi.

Buxarest həm də alış-veriş üçün əla yerdir. Şəhərdə 10-a yaxın alış-veriş mərkəzi (mall) var. Bakıda olmayan H&M, Marks&Spencer, Mango kişi dükanları orda çox əla qiymətə geyimlər təqdim edirlər. Dechatlon və IKEA mağazaları da var.

Braşov

Braşov Rumıniyanın mərkəzində yerləşən və Buxarestdən 170 km aralı olan kiçik bir tarixi şəhərdir. Buxarestdən Braşova qatarla getmək olar, sürətli – 2 saat 30 dəqidəyə gedən qatarla 48 RON, daha az sürətli -4 saata gedən qatarla isə 25 RON-a getmək olar. Bileti online, kassa və avtomatdan almaq olar. Yolu olduqca mənzərəli və gözəldir. Elə qatar da rahat və təmiz idi. Braşov daha çox Transilvaniya ilə məşhur olsa da, ora getmədim 🙂 1 günlük səfər olduğu üçün qədim küçələri gəzdim, əsas meydana getdim və kanatla dağa qalxdım. Kanat çox həyəcanlı idi 🙂

Yekun olaraq demək istəyirəm ki, Rumıniya mütləq görülməli ölkələrdəndir. İndiki halda azərbaycanlılara həm maddi tərəfdən, həm də Avropa ilə tanışlıq tərəfindən əla istiqamətdir. Viza verilməsi asan, aviabilet ucuz, gecələmək yerləri isə çoxdur. Mən Bakı-Kutaisi-Bakı yolu, aviabilet, hostel, viza və sığortaya cəmi 124 avro verdim.

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

OXUYUN-PAYLAŞIN-PEŞƏKARLAŞIN

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s