E-viza. Beynəlxalq səyahətdə müasir cərəyan.

Müasir dünyada turizm ölkələrin iqtisadiyyatının önəmli hissəsini təşkil edir. Bu səbəbdən ölkələr bir-biri ilə rəqabətə girirlər – yeni aeroportlar, yeni əyləncə və istirahət mərkəzləri, hətta süni göllər və adalar da tikirlər. Turizmin bir qolu da viza sistemidir. Avropa Birliyi ölkələri xaric, demək olar ki, hər ölkənin fərqli viza sənədləşməsi və verilməsi proseduru var.

Haşiyəyə çıxaraq onu da qeyd etməliyəm ki, dünya ölkələrinin ümümvətəndaşlıq pasportları öz “gücünə” görə indekslənir. Yəni hansı ölkənin pasportu ilə daha çox ölkəyə vizasız gedilirsə o pasport daha çox “güclü” sayılır.

Klassik viza müraciəti təxmini belədir: əvvəlcə şəxsi məlumat və səfər planını əks edəcək blankı onlayn və ya fiziki olaraq doldurursan, aviabilet, otel, sığorta və s. bronları hazırlayırsan, sonra gedirsən müvafiq ölkənin konsulluq ofisinə, ödəniş edirsən, konsul və ya məsul şəxslə qısa müsahibə keçirsən, daha sonra isə 10-15 günə kimi gözləyirsən ki, müraciətin cavablandırılsın. Bununla həm vaxtın gedir, həm də pasportun məşğul olur. Amma daha müasir viza növü də var, bu elektron viza, yəni e-vizadır. E-vizada üç əsas prinsip var: Müraciət et (aplikasiyanı doldur), Ödəniş et və vizanı kompyuter, telefon və ya planşetinə Yüklə. Vizaların verilmə müddəti adətən üç gün olur, bəzi ölkələr əlavə ödəniş müqabilində müraciətə daha sürətli baxış etməklə prosesi tezləşdirirlər. Proses o qədər asanlaşdırılıb ki, elektron vizaya müraciət zamanı istifadəçiyə yalnız internetə çıxışı olan cihaz lazımdır. E-viza sistemini tətbiq edən dövlətlərin məqsədi ölkədə turizm sektorunun inkişafına nail olmaq, ölkəyə girişi asanlaşdırmaq və ölkəni daha əlçatan etməkdir. Hazırda dünyada 42 ölkə1 e-viza sistemi tətbiq edir. Amma asan olsa da, bu vizanın veriləcəyi ölkələri seçən zaman da dövlətlər həmin ölkələrdə olan ictimai vəziyyəti, iqtisadi-siyasi durumu, turist potensialını yaxşı nəzərdən keçirirlər.

Azərbaycanda tam elektronlaşdırılmış viza ilə bağlı məsələ 2015-ci ildə Prezident İlham Əliyev2 tərəfindən qaldırılmışdı. Ona kimi viza müraciətinə baxılma müddəti 3 həftə idi və viza alınandan sonra müraciətçi səfirliyə, vizaya möhür vurdurmaq üçün getməli idi. Amma bu əngəl potensial turistləri qaçırdığı üçün viza müraciətləri tam elektronlaşdırılmalı idi. Türkiyə Azərbaycan üçün yaxşı nümunə idi, həmin vaxtda Türkiyə artıq e-viza sistemini təqdim edirdi və 100-dən çox ölkənin vətəndaşlarına3 elektron viza verirdi. Ümumi istifadədən öncə Azərbaycanın yeni qaydalarla olan e-viza xidmətini göstərmək üçün Xarici İşlər Nazirliyindən bir neçə peşəkar turizm şirkətinə akkreditasiya verildi və xüsusi elektron həll ilə həmin turizm şirkətləri yeni veb saytlarında viza müraciətlərini birbaşa XİN-ə göndərdilər. Bu test prosesi uğurla başa çatandan sonra 2018-ci il, 15 maydan etibarən ASAN Viza, yəni e-viza qüvvəyə mindi4 . Beləliklə, 95 ölkənin vətəndaşına sadəcə 20 ABŞ dolları ödəməklə evisa.gov.az saytından cəmi üç iş günü ərzində Azərbaycana 30 günlük bir girişli viza almaq imkanı yaradıldı. Bu ölkələrdən 14-nün vətəndaşlarına5 isə Azərbaycanın Beynəlxalq Hava Limanlarında – yerində ödəniş etməklə viza verilməyə başlanıldı. Əlavə xidmət kimi 50 ABŞ dolları ödəməklə 3 saat ərzində də sürətli viza almaq olar.

İndiyə kimi Azərbaycana gələn turistlərə 2 milyona yaxın e-viza verilib, hava limanlarında verilən vizalar isə 681 mindir. Bu barədə EHİM, ASAN Viza departamentinin rəhbəri İsmayıl Əbdüləzimov Elektron Hökumətin İnkişaf Mərkəzinin “Rəqəmsal Jurnalistikaya Doğru” adlı vebinarındakı çıxışında danışdı. O qeyd etdi ki, hazırda e-viza birdəfəlikdir yəni, turistə vizanın qüvvəyə mindiyi gündən etibarən 90 gün ərzində 30 gün Azərbaycanda qalmaq imkanı verilir. Vətəndaş ölkədən çıxan kimi viza qüvvədən düşür. Amma yaxın zamanda çoxdəfəlik vizaların da veriləsi gözlənilir və proses artıq yekunlaşmaq üzrədir. 59 ölkənin vətəndaşlarına çoxdəfəlik elektron viza verilməsi planlaşdırılır. Müraciət müvafiq olaraq 3 gün və 3 saat ərzində cavablandırılacaq.
Çoxdəfəlik vizaların verilməsi qonşu ölkələrə – Gürcüstan, İran və Rusiyaya gələn turistlərin Azərbaycanı da ziyarət etməsinə gətirib çıxaracaq.

Beləliklə, rəqəmlərdən də göründüyü kimi tam elektronlaşdırılmış viza ölkəyə yeni turistlərin gəlməsinə əsaslı səbəb olmuşdur.

Mənbələr:
1. https://en.wikipedia.org/wiki/Travel_visa
2. https://www.e-gov.az/az/news/read/291
3. https://www.evisa.gov.tr/en/info/who-is-eligible-for-e-visa/
4. https://migration.gov.az/useful/visa_content/933
5. https://mfa.gov.az/az/content/76/asan-viza

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s